SON XƏBƏRLƏR
Nizami Xudiyev bir “müsahibə”nin güdazına getməkdən necə xilas olundu?

Yazının dərc olunma Tarixi: 1/6/2021

...Professor, tanınmış dilçi alim Nizami Xudiyev ötən həftəsonu dünyasını dəyişdi. Alimin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Və keçirəm mətləbə: Elə həmin günlərdə vaxtilə alimin tələbəsi olmuş və uzun illərdir xaricdə yaşayan dəyərli qələmdaşımız Elbəyi Həsənlinin facebook səhifəsində bir xatirə yazısı oxudum. Həmin yazı “Yeni müsavat” qəzetinin 25 may 2021-ci il tarixli sayında da dərc olunmuşdu. “AzTV sədri Nizami Xudiyevi necə və nəyin bahasına xilas etdik...” başlıqlı yazını təqdim edirəm: “...AzTV-nin keçmiş sədri, professor Nizami Xudiyev vəfat edib. Müəllimimə Allahdan rəhmət diləyirəm.

Deyim ki, o, həm də bir müddət deputat olub. Jurnalist kimi onunla dəfələrlə görüşmüşəm. Bir dəfə ona təklif etdim ki, “Yeni Müsavat”a bir müsahibə versin. Yaxın qoymadı. Ancaq bir neçə dəfə təkid etdikdən sonra, razılaşdı. Şübhəsiz ki, mənə dərs dediyinə görə bu işə razılıq verdi. Yoxsa o vaxt Az.TV sədrinin “Yeni Müsavat”a müsahibə verməsi sadəcə mümkün olan iş deyildi. Onda “Yeni Müsavat” ən radikal müxalif mövqedə dayanmışdı.
Müsahibə zamanı Nizami müəllim məni ərklə xeyli danladı da. Dedi ki, sən ağıllı oğlansan, gedib o avaralara niyə qoşulmusan. Gəl, Az.TV-də hansı işi istəyirsən sənə verim. Deputat olmağına da kömək edim. Zəngilanlı olduğumu bilirdi. Ona görə də deyirdi ki, zəngilanlı da elə naxçıvanlı kimi bir şeydir. Gəl, peşman olmazsan.
Nəsə, professorla söhbətimiz çox uzun çəkdi. Müsahibəni elə onun Az.TV-də olan kabinetində götürdüm.
Müsahibə barədə Rauf Arifoğluya məlumat verəndə ciddi şəkildə təəccübləndi. Axı bu, necə ola bilər, dedi...
Müsahibə çıxdıqdan sonra isə aləm bir-birinə dəydi. O vaxt qəzetdə gedən yazılara ciddi reaksiya verilirdi. Mərhum Heydər Əliyev “Yeni Müsavat”ı şəxsən oxuyurdu. Təbii ki, həmin müsahibə də prezidentin diqqətini çəkmişdi.
Yazıda belə bir yer vardı: Nizami müəllim demişdi ki, Rəsul Quliyev kimdir ki? Olsa-olsa pulu məndən bir az çox olar. Yəni, mən professoram, o da bisavadın biri. O vaxt da Rəsul Quliyev Azərbaycanın ən mafioz və varlı adamı sayılırdı. Yəni, “olsa-olsa mənim pulum bir az Rəsul Quliyevdən az olar”, fikri Heydər Əliyevin xoşuna gəlməmişdi. Müsahibədə daha ciddi şeylər də vardı. Təəssüf ki, detallar yadımda deyil. Üstündən 20 ildən çox vaxt keçib.
Heydər Əliyev əsəbi şəkildə Nizami Xudiyevə zəng vurub. Kişinin qəzəbli səsini eşidən Nizami müəllim özünü itirib. Bircə onu deyib ki, cənab prezident, yalandır. Mən “Yeni Müsavat”a heç müsahibə verməmişəm. Heydər Əliyev Nizami müəllimə bildirib ki, 2-3 gün ərzində qəzetdə təkzib getməsə, işinlə vidalaşmalı olacaqsan.
Bu xəbərdarlıqdan sonra Nizami müəllim başıalovlu Rauf Arifoğluya zəng vurub. Prezidentin onun qarşısında qoyduğu tələb barədə danışıb. Xahiş-minnət edib ki, qəzet təkzib versin.
Bu məsələ ilə bağlı Rauf Arifoğlu ilə xeyli söhbət etdik. O dedi ki, Nizami müəllim türkoloqdur, millətçi adamdır. O, Az.TV-dən qovulsa, hansısa rusbaş gəlib onun yerinə keçəcək. Yenə Nizami müəllim Az.TV-də türkçülüklə bağlı müəyyən fikirlər səsləndirə bilir, ayrıca verlişlər verir. O getsə, heç o da olmayacaq. Sənin də müəllimindir. Etiraz etməsən, təkzib verərdik.
Razılaşdım. Başqa yolum da yox idi. Müəllimimin mənə görə işdən qovulmasını heç vaxt özümə bağışlamazdım. Onu da fikirləşirdim ki, bu təkziblə qəzetin də, jurnalist olaraq mənim də nüfuzuma ciddi zərbə dəyəcək. Yəqin ki, jurnalistika ilə vidalaşmalı olacam. Xeyli tərəddüddən sonra təkzib verdik. Nə qədər qəribə də olsa, düşdüyümün tam əksi oldu. Həmin müsahibəyə maraq birə beş artdı. Oxucular redaksiyaya gəlib qəzetin həmin müsahibə gedən sayını almaq, ən azı oxumaq istəyirdilər. Həmin müsahibə və təkzib haqqında o vaxt digər qəzetlər də xəbərlər yaymışdı.
Hörmətli Nizami müəllim o təkzibin hesabına Az.TV-də öz kreslosunu qoruyub saxlaya bildi. Özü də təkzib müsahibədəki hər hansı bir fikirlə bağlı deyildi. Təkzibdən belə anlaşılırdı ki, mən, ümumiyyətlə, Nizami müəllimdən heç bir müsahibə göstürməmişəm. Yəni, özümdən bir müsahibə uydurmuşam...
Başıma bu kimi hadisələr çox gəlib. Əsasən müsahibədə gedən bu və ya digər fikrə təkzib vermişik. Bütövlükdə müsahibənin təkzib olunması ilə yalnız bir dəfə qarşılaşmışam.
Onu da deyim ki, o vaxt “Yeni Müsavat”ın sözü hər yerdə keçirdi. Bizə həm xalq arasında, həm də iqtidar düşərgəsində ciddi simpatiya vardı. Məmurlar “Yeni Müsavat”ın adı gələndə belə təlaş keçirirdilər. Çünki hamı bildirdi ki, Heydər Əliyev bu qəzeti şəxsən oxuyur.
Nizami Xudiyevlə bağlı təkzib yalnız və yalnız onun türkçü mövqedə olması ilə bağlı idi.
O vaxt PKK-ya bağlı kürdlərin Azərbaycanda fəallaşması ilə əlaqəli dövrü mətbuatda mütəmadi yazılar gedirdi. Belə bir fonda türkoloq professorun hansısa rusbaşla əvəzlənməsinə yol verə bilməzdik. Bəli, biz o vaxt müxalifətdə idik. Ancaq dövlətin və millətin marağı o vaxt da bizim üçün önəmli idi. Məhz bu maraqlara görə biz öz nüfuzumuzu da zərbə altında qoymaqdan çəkinmədik.
Bir daha hörmətli müəllimimə Allahdan rəhmət diləyirəm. Nur içində yatsın.

Elbəyi Həsənli, Surix”

Bu yazını oxudum, təxminən 20 ildən çox keçmişə və o hadisələrə qayıtmalı oldum. E.Həsənlinin həmin xatirə yazısına bir şərh də yazdım və heç kimin indiyədək bilmədiyi məqamlara qısaca aydınlıq gətirəcək anonsvari qeydlərimi etdim (lakin dünən bir də baxanda həmin şərhin silindiyini gördüm).
Beləliklə, xatirə yazısında görünməyən və bilinməyən sesnsasion faktları təqdim edirəm: əslində, AzTV-nin sabiq sədrini o vaxt mən xilas etdim... Belə ki, təxminən yadımdadır, istirahət günü olduğundan ailəmlə birlikdə yol gedirdim. Birdən Nizami Xudiyevdən zəng gəldi. Dərhal avtomobili yolun kənarında saxlayıb cavab verdim... Salamlaşdıq... Səsi titrəyirdi, həyəcanlı idi. “Bu günkü “Yeni Müsavat”ı oxumusan?” deyə xəbər aldı. Dedim ki, yox... Dedi, oxu, təcili görüşməliyik... Bildirdim ki, ailəmlə yoldayam, oxuyub gələrəm... Ailəmizi tanıyırdı deyə, “Gəlin bura, uşaqlar qonaq otağında əyləşib çay içərlər, biz olduqca vacib bir məsələni müzakirə etməliyik...”, -deyə təkid etdi. Mən yolüstü “Yeni Müsavat” qəzetini alıb oxudum. Orada Elbəyi Həsənlinin yuxarıda bəhs etdiyi müsahibə xarakterli məqalə var idi. Nizami Xudiyevin dilindən təsvir edilən faktları sədr mənə bir neçə gün əvvəl danışmışdı. Hətta bunları danışanda demişdim ki, Nizami müəllim, belə siyasi qalmaqala səbəb olacaq məsələləri kənar şəxslərə danışma, özünə problem yaradarsan və s.
İndi Nizami müəllimin, necə deyərlər, problemi yaddan çıxmışdı, öz dərdimi düşünürdüm. Ağlıma gələn ilk hadisə bu oldu ki, yəqin ki o, məndən şübhələnir ki, bunları Elbəyi Həsənliyə mən danışmışam, o da yazıb... Ailəmi evə qoyub Məşhəddən gətirdiyim çox qiymətli bir Quran kitabını götürüb AzTV-yə getdim... Polislər məni tanıyırdılar (uzun illər “Dövlət Tele-Radio”nun ştatdankənar müxbiri olmuşdum), sədrin kabinetinədək müşayiət etdilər. İçəri girəndə onu qanıqara gördüm. İndi özümün bu yazıdan xəbərsiz olduğumu sübut etmək vəzifəmi düşünürdüm... Əyləşdim, dərhal Quran kitabı olan çantanı masanın üzərinə qoydum ki, and0amana başlayım... Birdən özü söhbətə başladı: “...Elbəyi Həsənli mənim tələbəm olub. Dəfələrlə israr edirdi ki, ona müsahibə verim. Əl çəkmirdi... Savadlı jurnalistdir. Amma bilirsən də, indi jurnalistlər qalmaqal axtarır. Dəvət etdim, xeyli söhbət etdik... Məqaləsini oxumusan də, bunları elə-belə söhbət elədik, sonra tələbəlik illərini xatırladıq... Sonra gördüm ki, belə bir yazı dərc olunub...”.
Nizami Xudiyev bunları danışarkən çantamdakı Quran kitabını çıxarıb masanın üzərinə qoydum. Dedi ki, o nədir? Dedim, Quran kitabı... “nəyə gətirmisən”, -deyə təəccüblə sual verdi. Dedim, ay Allah sənə insaf versin, yol boyu içimi yemişəm, elə bildim məndən şübhələnmisən, dedim, Qurana and içim ki, mənim bu yazıdan xəbərim yoxdur...
Ayağa durub məni qucaqladı, “Nə danışırsan, elə də şey olar???”. Sonra söhbətə başladıq, ürəyim üstümə gəlmişdi... “Nizami müəllim, deməli, sizin mənə danışdıqlarınızı Elbəyi Həsənliyə də olduğu kimi danışmısınız...”.
Dedi, bunlar keçib, indi başıma bir iş gəlib, məni xilas elə, səndən başqa kimsəyə gümanım yoxdur:
- Mən aeroportdan gəlirəm... Prezident Heydər Əliyev yola düşərkən hökumət rəsmiləri ilə sağollaşırdı... Növbə mənə çatanda dedi, Nizami, o nə müsahibədir “Yeni Müsavat”a vermisən? Dedim vallah, müsahibə verməmişəm, amma o jurnalist tələbəm olub, gəlib görüşüb, söhbət eləmişəm, özündən yazıb...
-Bəs o məqaləni prezidentə kim çatdırıb?
-Fatma Abdullazadə...
-Bəs prezident bununla üstündən keçdi?
-Yox... mənə dedi, Nizami Xudiyev, iki günə qayıdıram, əgər o sözləri sən deməmisənsə, mən gələnədk təkzib etdirirsən... Əks halda səni Azərbaycanda görməyim...
- Elə belə də dedi... Bəli! Özü də demədi ha ki səni AzTV-də görməyim, Azərbaycanda görməyim...
-İndi mən neyləyə bilərəm?
-Təkzib vermək lazımdır...
Dedim, Nizami müəllim, indiki siyasi qalmaqallar fonunda ölkənin birinci müxalifət partiyasının qəzeti belə bir yazıya təkzib verərmi?
O, ani olaraq susdu, çarəsiz bir vəziyyətdə üzümə baxdı:
-Bilirəm ki, sənin musavatçılarla əlaqən var... Aclıq aksiyası da yadımdadır, “Yeni Müsavat”çılara dəstək vermişdin... Sən cəhd elə, elə bil ölmüşəm, məni yerdən götür...
Xeyli fikirləşdim, bir çıxış yolu tapa bilmirdim. Nəhayət, təklif verdim:
- Nizami müəllim, bu çox mürək kəb və çətin məsələdir...
Bunu deyəndə Nizami Xudiyev, sanki bütün ümidləri puça çıxmış kimi oldu... Məsum baxışlarını yenə də üzümə zillədi:
- Gör neyləyirsən...
-Yalnız bir yol var: qəzet bu təkzibi verməz... Amma İsa Qəmbər bu işə qarışsa, mümkün ola bilər...
Bunu niyə ona niyə xatırlatdım, çünki bir neçə gün əvvəl görüşəndə o, mənə İsa Qəmbərlə bağlı çox maraqlı bir hadisəni danışmışdı... N.Xudiyev mənə bir vildeokaset göstərdi. Dedi, bunu Fatma Abdullazadənin tapşırığı ilə rejissorlar hazırlamışdır: “...Verilişdə İsa Qəmbəri vətən xaini, rayonları satan, xalqa xəyanət edən və s. kimi təqdim edirlər. Amma çox bayağı olduğundan mən “iskajeniya” etdirdim, dedim, “braktdır”. Səhəri gün Fatma Abdullazadə özünün hazırlatdığı, bu dəfə bir fərqli kaseti göndərdti ki, bunu verin efirə... O vaxtı Xudu Məmmədovun oğlunu da belə yoldan çıxarmışdılar... Kasetin efirə verilməsinə mane oldum, amma öz operatorunu evlərinə göndərtdirib təzədən veriliş çəkdirdilər...”.
Dedi, neyləyim? Dedim, İsa Qəmbərlə danışdırım sizi... Onun başqa çarəsi yox idi. Dərhal özünün mobil telefonunu götürdü, dedi, nömrəsini de... Özünü itirmişdi. Dedim, neyləyirsiniz, onun telefonu yəqinki izlənilir. Qoy mənim telefonumdan yığaq... və İsa bəyə zəng vurdum, vəziyyəti ona danışdım. Eləcə də kaset məsələsini... Dedim, xahiş edirəm, nə mümkündür kömək edin... Və telefonu Nizami Xudiyevə verdim. Salamlaşıb-sağollaşdılar... İsa bəy mənə dedi ki, gəl, söhbət edək, görək nə edə bilərik... Beləliklə, dərhal Musavat Partiyasının Sahildəki qərərgahına getdim. Mən ora çatanda bütün müxalifət Partiyalarının rəhbərlərinin iclası idi... İsa bəyə zəng vurdum, dedim, burdayam. İçəri dəvət etdi... Əbülfəz Elçibəy də iclasda idi, sədarətdə əyləşmişdi. İsa bəy iclası aparırdı. Əbülfəz bəyə rica etdi ki, iclası davam etdirin, Asif Mərzilinin vacib sözü var... və biz arxa otaqlardan birinə keçdik. Vəziyyəti daha ətraflı danışdım... O, sağ olsun, Rauf Arifoğluna zəng etdi, dedi, Asif bəy gəlir yanınıza, deyəcəyi məsələdə kömək edilməlidir... İsa bəy dedi ki, bəs təkzib nə formada olacaq, məzmunu necədir? Dedim, mən özüm yazıb gətirərəm, elə olmalıdır ki, qəzeti və jurnalisti də ayağa vermək olmaz... mən Rauf bəylə də görüşdüm, sağ olsun, vəziyyəti qiymətləndirdi. Onsuz da qəzet öz işini görmüşdü... Təcili qayıtdım AzTV-yə və Nizami Xudiyev mən gələnədək bir təkzib hazırlatmışdı (Arxivimdə durur). Oxudum, dedim, yox, belə olmaz. Gəlin, bəzi düzəlişlər olsun... Etdim, apardım redaksiyaya və yazı səhəri gün dərc olundu... Və Nizami Xudiyev nəinki Azərbaycanda, həm də AzTV-də qalası oldu...
Allah yaxşı insanlara özü kömək olsun!
Allah Nizami Xudiyevə rəhmət eləsin!


Asif Mərzili



Fikrini bildir