“Eldar Mahmudov intihar etsə, bir çox xətlər açılmamış qalacaq”

Yazının dərc olunma Tarixi: 25/12/2015

“İlqar Əliyevin intiharına kimlərinsə şərait yaratması mümkündür”
Əyyub Kərimov: “Manatın dəyərdən düşməsi kasıblarla yanaşı, varlıların da göz yaşını şiddətləndirəcək”
Tanınmış hüquqşünas Əyyub Kərimov sabiq MTN polkovniki İlqar Əliyevin intiharı və baş verən bu olayın pərdəarxası məqamları ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə müsahibə verib.
-Əyyub bəy, bir neçə gün bundan öncə MTN-nin sabiq polkovniki, Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Əliyevin intihar etdiyi ilə bağlı informasiya yayıldı. İlqar Əliyevin intiharı ilə bağlı xəbəri necə dəyərləndirirsiniz? Sizcə baş verən bu olayın arxasında başqa məqamlar dayana bilərmi?
-Hesab edirəm ki, İ.Əliyevin ölümü ilə bağlı ciddi şəkildə araşdırma aparılmalıdır. Axı necə ola bilər ki, nəzarətdə olan, cinayət hərəkətlərində ittiham olunan bir şəxs intihar etsin? Bu, araşdırılması gərəkən bir məsələdir. Artıq bununla bağlı cinayət işi də başladılıb. Yəqin ki, bu araşdırmadan sonra bəlli olacaq ki, bu intiharın arxasındakı səbəb nədən ibarətdir. Necə olub ki, qapalı şəraitdə, istintaq təcridxanasında saxlanılan bir şəxs özünü asa bilib? Baş verən olayla bağlı kənardan çox söz demək olar. Lakin araşdırma olmadan konkret nə isə demək mümkün deyil. Bu gün üçün yalnız bir şeyi söyləmək olar ki, ortada səhlənkarlıq var. Hansısa bir nəzarətçi öz xidmətində səhlənkarlığa yol verib ki, İ.Əliyev də intihar etməyə imkan tapa bilib. Təbii ki, burada İ.Əliyevin həqiqətən də intihar edib-etmədiyi də araşdırılmalıdır. Ancaq bir daha deyirəm ki, bütün hallarda səhlənkarlıq göz önündədir.
-Sizcə İlqar Əliyevin intiharına kiminsə “yardım göstərməsi” mümkündürmü?
-Şübhəsiz ki, bu məsələ də araşdırılması gərəkən məsələdir. Araşdırmaq lazımdır ki, İ.Əliev həqiqətənmi özünü asıb, yoxsa ona bunun üçün kimsə şərait yaradıb. Əgər İ.Əliyevin özünü öldürməsi üçün şərait yaradılmayıbsa, ondan necə intihar edib? Əgər intihar edibsə, o zaman nəzarətçilər hara baxıb? İntihar üşün ya şərait yaraılmalıdır, ya da səhlənkarlıq olmalıdır. Bunun başqa bir izahı yoxdur. Həmin vaxt İ.Əliyevlə yanaşı kamerada kimin və ya kimlərin olması da araşdırılması və diqqət yetirilməsi gərəkən məsələdir.
-Əyyub bəy, bu gün adı “MTN işi”ndə keçən bəzi generallar həbs edilsə də, bir çox generallar, eləcə də sabiq nazir Eldar Mahmudov, İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyev və başqaları hələ də azadlıqdadır. Sizcə azadlıqda olan və intihah imkanı sərhədsiz olan bu şəxslərin öz həyatlarına qəsd etməsi istintaqın işinə mane ola, bəzi məsələlərin sonsuza kimi qaranlıqda qalmasına səbəb ola bilərmi?
-Hesab edirəm ki, belə bir hadisə istintaqın işinə mane ola bilər. Belə bri deyim var, insan varsa problem var, insan yoxdursa problem də yoxdur. Həbs edilən şəxslərin hər biri informasiya mənbəyidir. Bunu kimsə dana bilməz. O cümlədən, İ.Əliyev də belə informasiya mənbələrindən biri olub. Buna görə də İ.Əliyevin intiharı ilə bağlı deyilənlərə həssaslıqla yanaşılmalıdır. Araşdırmaq lazımdır ki, o, özümü intihar edib, yoxsa bu məsələdə maraqlı olan başqa şəxslər də olub? MTN-nin azadlıqda olan generalları ilə bağlı da məsələyə həssaslıqla yanaşılması vacibdir.
Mətbuatda Eldar Mahmudovla bağlı fərqli fikirlər səsləndirilir. Bəziləri iddia edir ki, E.Mahmudov özündə cəsarət tapıb özünü öldürməlidir. Bir müddət bundan öncə mən də general Akif Çovdarov haqqında təxminən bu məzmunda bir fikir səsləndirmişdim. Qeyd etmişdim ki, A.Çovdarov qətiyyət tapıb özünü öldürməlidir. Çünki onun törətdiyi bunca cinayət qarşılığında yaşamaq haqqı yoxdur. Bu, mənim tərəfimdən emosional bir fikirdir. Lakin şübhə yoxdur ki, araşdırma getdikcə hələ çox şeylər, çox məsələlər açılacaq. Bu mənada əsas məsələlər hələ qabaqdadır. Bu o qədər dəhşətli bir şeydir ki, “Qara Kəmər” onun yanında heç nədir. Bu xəmir hələ çox su aparacaq.
-Sizcə E.Mahmudovun hələ də azadlıqda qalması nə ilə bağlıdır? Bunun hansısa hüquqi-məntiqi səbəbi varmı?
-Əslində təbii ki, bu gün azadlıqda olan bəzi MTN generallarının, eləcə də E.Mahmudovun hələ də azadlıqda olması müəmmalıdır. Maraqlıdır, bundan artıq nə olmalıdır ki, həmin şəxslər məsuliyyətə cəlb edilsin? Çünki hər necə olsa da bu insanların hərəkətində səhlənkarlıq var. Konkret E.Mahmudova gəlincə, hesab edirəm ki, onun hələ də azadlıqda olması bəzi qüvvələrin bu məsələdə maraqlı olduğunu göstərir. Əks təqdirdə, E.Mahmudovun azadlıqda qalması mümkün deyildi.
Baxın, sabah xəbər yayılsa ki, E.Mahmudov intihar edib, onda necə olacaq? Buna görə kim məsuliyyət daşıyacaq? Belə bir şey olsa, çox xətlər açılmamış qalacaq. Buna görə də istintaq idarəsi çox sürətlə işləməli, arzuedilməz halların meydana çıxmasını əngəlləməlidir. Biz bəzən emosiyaya qapılıb deyirik ki, filankəslərin yaşamaq hüququ yoxdur. Onlar başlarına güllə çaxmalıdır. Ancaq qeyd etdiyim kimi, bunlar emosiyadan doğan fikirlərdir. Kiminsə başına güllə çaxması, özünü öldürməsi cinayətin açılmasına ximmət edən bir addım deyil. Əsində, bu, məsələnin bir az da mürəkkəbləşməsi, bir çox xətlərin açılmaması deməkdir. Bu baxımdan hesab edirəm ki, E.Mahmudov da, digərləri də zamannda dindirilməli, bütün suallara cavab verməldirlər.
Mən demirəm ki, istintaq orqanı işləmir və ya onun fəaliyyəti qənaətbəxş deyil. Sadəcə olaraq, istintaq orqanı bu istiqamətdə intensiv işləməlidir. İ.Əliyevin intiharı baş veribsə, bu o deməkdir ki, oxşar hadisələrin baş vermə, təkrarlanma ehtimalı var. Həbs edilən insanlara da müəyyən təzyiqlər ola bilər. Həbsdəki digər şəxslərə təzyiq göstərilə bilər. Onların saxlanma şəraitinə ciddi fikir vermək, nəzarətə götürmək lazımdır. Istintaq mümkün qədər intensivləşməlidir. Lazımi suallara cavab alınmalıdır. Əks təqdirdə işlər dağılmağa, nəzarətdən çıxmağa doğru gedə bilər.
-Manatın məzənnəsinin aşağı düşməsi ölkədə cinayətlərin sayının artmasına təsir göstərəckmi?
-Şübhəsiz ki, bütün ölkələrdə sosial şərait cinayətlərin sayına təsir göstərir. Bu, reallıqdır. Yaşayış şəraiti olduqca aşağı düşsə, oğurluq cinayətlərinin sayı arta bilər. Təsəvvür edin ki, nəinki sadə vətəndaş, hətta biznesmen elə bir şəraitə düşə bilər ki, intihar etməli olar. Mantın məzənnədən düşməsi, sosial vəziyyətin pisləşməsi yalnız kasıblara təsir edən bir məsələ deyil. Bu, həm də varlılara aid olan bir məsələdir. Belə bir deyim var, varlılar da ağlayır. Manatın dəyərdən düşməsi kasıblarla yanaşı, varlıların da göz yaşlarını şiddətləndirəcək. Bu isə söüzsüz ki, böyük narazılığa səbəb olacaq.



Fikrini bildir